Qafqaz Universitetində “Bank of Baku”-nun “Maliyyə və mühasibat uçotu laboratoriyası”-nın rəsmi açılışı olub. Laboratoriya bankın dəstəyi ilə istifadəyə verilib.Bank və universitet rəhbərliyinin açılışa qatıldığı tədbirdə tələbə və müəllimlər də iştirak edib.
Tədbirdə “Bank of Baku”nun İdarə Heyətinin Sədri Fərid Hüseynov müasir dünyada təhsilin mühüm rolundan danışaraq laboratoriyadan müəllim, mütəxəssis və tələbələrin səmərəli istifadə edəcəklərinə əminliyini vurğulamışdır.
Öz növbəsində Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən söz açdı.
Laboratoriya müasir avadanlıq, həmçinin ACCA, CIMA, CFA və digər proqramlar üzrə çap və elektron resurslarla təchiz edilib. Burada müvafiq proqramlar üzrə seminarlar da keçiriləcəkdir. Müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında laboratoriyanın əhəmiyyətli rolu olacaqdır. Laboratoriya Qafqaz Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrinin istifadəsinə verilib. Burada dərslər universitetin professor və müəllim heyəti tərəfindən tədris olunacaq. Laboratoriyada kompüterlər quraşdırılıb və otaq ən müasir elektron lövhə ilə təchiz olunub.
“Bank of Baku” ilə Qafqaz Universiteti uzun illərdir ki, məhsuldar əməkdaşlıq edirlər, ötən ilin noyabr ayında isə iki tərəf arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Müqavilə çərçivəsində hal-hazırda Universitetdə tədris alan 11 tələbəyə bank tərəfindən aylıq stipendiya ayrılmışdır.