“Bank of Baku” yeni istiqrazlarını Bakı Fond Birjasında satışa çıxarıb.Ümumi həcmi 10 000000 ( on milyon) manat məbləğində olan adi təminatsız istiqrazlar toplam 10 000 ədəddə buraxılıb. Bir ədəd istiqrazın qiyməti 1000 ( min) manat təşkil edir. İstiqrazlar iki emissiya prospekti ilə buraxılıb ( hər biri 5 min ədəd). Tədavül müddəti müvafiq olaraq 34 və 38 ay təşkil edir. İstiqraz üzrə faizlərin ödənişi isə 6 (altı) aydan bir həyata keçiriləcək. Broker qismində Standard Capital MMC çıxış edib.
Xatırladaq ki, ilk dəfə 14 dekabr 2012-ci il tarixində “Bank of Baku”-nun istiqrazları Bakı Fond Birjasında açıq satışa təqdim edilmişdir. Bu, “Bank of Baku”, “Paşa Bank” ASC və “Paşa Kapital” MMC arasında daha öncə imzalanmış xidmət müqavilə sayəsində mümkün olmuşdur. O zaman nominal qiyməti 1000 AZN olan 10 000 ədəd adi təminatsız istiqraz buraxılmışdır. Bu əməkdaşlıq Azərbaycanın ən iri investisiya banklarından olan “Paşa Bank”-ın və sərmayəçilərin “Bank of Baku”-nun maliyyə vəziyyətini yüksək qiymətləndirməsinin bir təsdiqi oldu.
Cəlb olunmuş vəsait bankın cəlb edilmiş vəsaitlər portfelinin diversifikasiyasına, fiziki və hüquqi şəxslərdən, maliyyə institutlarından cəlb edilmiş vəsaitlər arasında müəyyən balansın yaradılmasına, maliyyə göstəricilərinin effektiv idarə edilməsi və likvidlik əmsallarınının keyfiyyətini yüksək səviyyədə saxlanılmasına yönəldilmişdir.